23.06.2011

CƏNUBİ QAFQAZ AÇILIMI




Qarabağa aparan yeni siyasi kurs və yaxud Cənubi Qafqaz Evində ev sahibinə çevrilməyimiz bizə hansı üstünlükləri vəd edir?  
Ermənistan-Azərbaycan münaqişəsi mahiyyəti üzrə yeni mərhələyə qədəm qoyub. Əvvəlki mərhələlərdə (1993-99-cu illər və 1999-2005-ci illər) konfliktin həlli daha çox münaqişə tərəflərindən tələb olunurdusa, indi vasitəçilik edən tərəflər konfliktin həlli ilə bağlı konkret təkliflər verir və münaqişə tərəflərinə bu təklifləri qəbul etdirməyə çalışır.
Son təkliflərin (Madrid prinsipləri) qısa xülasəsinə nəzər salaq. Birinci mərhələdə Ermənistan Dağlıq Qarabağdan kənar işğal etdiyi 7 rayondan 5-ni (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) azad edir, bu rayonları məcburi tərk etmiş köçkünlər yerlərinə qayıdır. Qarşılıq olaraq isə Azərbaycan tərəfi Ermənistanı iqtisadi blokadadan çıxarır və əvvəlki regional iqtisadi təcrid siyasətindən imtina edir. Növbəti etapda Kəlbəcər rayonu erməni işğalından azad edilir və Laçın dəhlizinin statusu qarşılıqlı anlaşma yolu ilə müəyyən olunur. Sonra isə Dağlıq Qarabağın aralıq statusu barədə razılaşma əldə edilir, Dağlıq Qarabağdan olan məcburi köçkünlər (ermənilər və azərbaycanlılar) öz yerlərinə qayıdır. Bütün bu addımların yekunu olaraq isə Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyən olunması prosesi nəzərdə tutulur.
Yeri gəlmişkən qeyd edək ki, Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyən olunması ideyası heç də yeni deyil. 1923-cü ilin avqust ayında Dağlıq Qarabağda referendum təşkil olundu və yerli əhali yekdilliklə Dağlıq Qarabağın bir muxtar vilayət olaraq o zamankı Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi. Onu da diqqətə çatdıraq ki, hazırda Dağlıq Qarabağa aid olan Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə referendumdan sonra, yəni 1924-cü il 16 iyul tarixində Azərbaycan SSR K(b)P MK-nın Rəyasət Heyətinin qərarı ilə daxil edilib.


Keçmişdə buraxılan səhvləri araşdırmaq, hansı hakimiyyətin dönəmində nəyin yanlış olduğunu təftiş etmək və beləcə, daha çox tarixçilərin görməli olduğu işə müdaxilə niyyətindən uzağıq. Hansı səbəbdən olursa-olsun, kimin hansı dərəcədə suçlu olması belə önəm daşımır. Ortalıqda olan fakt isə bundan ibarətdir: Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və bu əraziyə bitişik 7 rayonunu işğal edib.
Nə etməli: təklif olunan Madrid prinsiplərinə razı olmalı, yoxsa fərqli yol tutmalı?! Ümumiyyətlə, Madrid prinsipləri Azərbaycana nələri vəd edir?!
Əslində bu sualları çox qısa şəkildə cavablandırmaq mümkündür: Madrid prinsipləri ya Dağlıq Qarabağı müstəqil edəcək, ya da Ermənistanın ərazisi olaraq rəsmiləşdirəcək!
Kimsə 1923-cü ilin «təcrübəsinə» arxayın olmasın. O dövrdə referendum keçirilməyib, sadəcə, referendumun protokolları mərkəzə təqdim olunub. Sirr deyil ki, həmin dövrlərdə vahid sovet ideologiyasından doğan yanaşma bu kimi məsələlərin «yuxarılarda» həllini diktə edirdi. Yəni sovet Moskvasının iradəsi tələb etmişdi ki, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində qalsın. Bu gün diktə olunan ideoloji şərtlər isə tamam fərqlidir və hətta vəziyyət o şəkildədir ki, Dağlıq Qarabağ erməniləri istəsələr belə, referendumun nəticəsi Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması şəklində ifadə oluna bilməz.
Bu gün dünyada etnik-milli konfliktlərin həllində daha çox hüquqi deyil, siyasi vasitələr araşdırılır və problemə daha çox siyasi mahiyyət verilir, çözümə siyasi yolla nail olunur. Elə Avropanı uzun müddət tədirgin edən son Kosovo təcrübəsi də təsdiqlədi ki, Kosovo dövlətinin yaranması əslində hüquqdan doğan nəticə yox, siyasətin yaratdığı təzahür idi. Təəssüflər olsun ki, eyni «hüquqi yanaşma» Dağlıq Qarabağ probleminə yanaşmada da özünü göstərməkdədir.
Maraqlı olan bir məqam da var. Dağlıq Qarabağdan məcburi köçmüş azərbaycanlı əhalinin öz yerinə qayıdacağı təqdirdə belə, demoqrafik vəziyyətin dəyişməyəcəyini bilən vasitəçilər referendumun keçirilməsini son mərhələyə saxlamaqla, əslində gördükləri işə, daha doğrusu, irəli sürdükləri təklifə demokratik don geyindirməyə çalışırlar ”“ bilə-bilə ki, bu yanaşma Dağlıq Qarabağın azərbaycanlı əhalisini öz ata-baba yurdundan növbəti dəfə didərgin salmağa xidmət edir.
Hansısa vasitəçi missiya daşıyıcısı olan dövlət və yaxud beynəlxalq təşkilat nəzərdə tutulan referendum zamanı yüzdə yüz Azərbaycanın tərkibində qalmağa səs vermiş Şuşa, Xocalı rayonlarının və əlavə olaraq 56 kəndin məhz bu istəyə uyğun olaraq Azərbaycanın tərkibinə verilməsinə çalışmayacaq. Əgər bu gün Dağlıq Qarabağ erməniləri bizimlə birgə yaşamaq istəmirlərsə, eynilə azərbaycanlı əhali də Dağlıq Qarabağ erməniləri ilə birgə yaşamaq niyyətində deyil.
Belə bir şəraitdə Ermənistanın referenduma münasibətdə hansı mövqeyi tutacağı gün kimi aydındır. Danışıqların və təklif olunan variantın onların xeyrinə olduğu bir ərəfədə belə, Ermənistan hələ də manevr etməklə məşğuldur. Bu manevrlərə qarşılıq olaraq isə Azərbaycan iqtidarı Ermənistanın möhkəmlənən mövqelərinə etiraz olaraq hər gün bir-birindən sərt bəyanatları ilə diqqətə gəlir. Ekspertlər və siyasətçilər bu bəyanatların daha çox daxili auditoriyaya hesablandığını bəyan etsələr də, hər halda Azərbaycan iqtidarının sərgilədiyi bu mövqe vasitəçilik missiyasını daşıyan beynəlxalq təşkilatların da diqqətini cəlb etməkdədir və bu reaksiya onlar tərəfindən təhlil olunur, beləcə Azərbaycana olan beynəlxalq münasibət formalaşır.
Bütün bunlara paralel olaraq Azərbaycan ordu quruculuğu istiqamətində də kifayət qədər vəsait sərf etməkdədir. Nəticə isə bu günlük yoxdur. Sabah olacağı təqdirdə belə, Azərbaycanın xeyrinə işləməyəcək. Çünki Madrid prinsipləri çərçivəsində aparılan danışıqlar Azərbaycanı gec-tez Qarabağsızlaşdıracaq. Belə şəraitdə isə beynəlxalq sipərə qarşı hansısa qüdrətli ordumuzun nəsə edə biləcəyi tamamilə mümkünsüzdür. Hər halda ortalıqda Kosovo təcrübəsi və bu təcrübənin mağdur tərəfi olan Serbiyanın səmərəsiz müqavimətləri mövcuddur.
Bu gün aqressiv münasibətlərin və müharibə hədələrinin yeri deyil, əksinə, danışıqları və tələbləri yeni müstəviyə daşımağın zamanıdır. İlk növbədə ona görə ki, hazırda işğalın ilk illərindən fərqli olaraq məcburi köçkünlərin maddi durumu müsbətə doğru dəyişib ”“ çadır-şəhərciklər ləğv olunub, vaqonlarda yaşayan insanlar yeni salınmış qəsəbələrdə məskunlaşıb ”“ bir sözlə, əvvəlki dözülməz yaşam şəraiti qismən də olsa aradan qaldırılıb. Belə bir şəraitdə isə Azərbaycan daha tutarlı və milli dövlətçilik maraqlarımıza cavab verə biləcək bir münasibətin (bu, müharibə də ola bilər) sərgilənməsi üçün toxtamış kimi görükür.
İkincisi, biz yaxşı bilirik ki, Madrid prinsiplərinin yekunu bizləri hara aparır və bu ideyanın reallaşacağı təqdirdə Azərbaycan ən yaxşı halda Dağlıq Qarabağ ərazisi ilə vidalaşmalı olacaq. Bu yekun isə bizim nə milli, nə dövlətçilik, nə tarixi və nə də suverenlik maraqlarımıza uyğun deyil, əksinə, ən böyük zərbədir.
Üçüncüsü, Dağlıq Qarabağın Madrid prinsipləri çərçivəsində həlli Azərbaycanda həm də yeni etnik konfliktlərin stimullaşdırılmasına səbəb ola bilər və bu presedentə söykənən Rusiya, İran kimi qonşular Azərbaycana daha faciəli gələcək hazırlaya bilər. Qeyd edək ki, buna qədər yaşadığımız dönəmdə həm Rusiyanın, həm də İranın xüsusi xidmət orqanlarının dəstəyi ilə bir sıra separatçı qüvvələrin hansı formada fəaliyyət göstərdikləri də unudulmayıb. Bu istiqamətdə daha çox fəallıq nümayiş etdirəni Rusiya olacaq. Cənubi Qafqazdakı təsir rıçaqlarını itirmək təhlükəsi ilə üz-üzə qalan Rusiya, təbii ki, yeni münaqişə ocaqlarının yaranması hesabına ənənəvi yolla yeni təsir rıçaqlarının yaradılmasına çalışacaq. Bunun yekunu olaraq isə hətta Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşə bilər.
Dördüncüsü. Dünyada Cənubi Qafqaza olan baxışda fundamental dəyişikliklər baş verib. Avropa Birliyi Cənubi Qafqazı özünün Yaxın Qonşuluq və Şərq Tərəfdaşlığı proqram-layihələrinə cəlb etməklə onu Rusiyanın əlindən almaqda maraqlı görünür. Əslində bu yolla Avropa Birliyi özü ilə Rusiya arasında yeni təhlükəsizlik zolağını formalaşdırmağa çalışır. Bu gün Avropa Birliyi ilk dəfədir ki, təhlükəsiz yaşam coğrafiyası yaradıb və təbii olaraq da bu təhlükəsiz yaşam çoğrafiyasının gerçək təhlükəsizliyindən əndişələnir. Artıq Avropanın nüvəsində nə etnik-milli konfliktlər, nə fundamental ideoloji toqquşmalar, nə də müharibələr mövcuddur. Avropa üçün yeganə təhlükə ünvanı Rusiyadır. Nə uzaq Çin, nə islam fundamentalizmi, nə də ABŞ Avropa üçün təhlükə hesab olunmur. Təhlükə mənbəyi kimi Avropanın quru sərhədlərlə qonşusu olan Rusiya nişan verilir. Tarixi faktlar da təsdiqləyir ki, hər zaman Avropanı içindən sarsıdan ideoloji savaşlar, müharibələr əksər halda məhz Rusiyadan qaynaqlanıb. Bir sözlə, yeni siyasi dönəmdə Avropa Rusiyaya jandarm olmaq imkanını tanımaq niyyətində deyil.
Türkiyə də Avropanın bu layihəsi içərisində xüsusi rol almaqda maraqlıdır. Günü-gündən sıcaqlaşan Ermənistan-Türkiyə münasibətlərinin yeni xarakteristikası da məhz bu niyyətin təzahürüdür.
Öz növbəsində Amerika da əzəli rəqibi Rusiyaya hansısa müstəvidə, hətta lokal müharibə fürsətini də tanımaq niyyətində deyil. Hər zaman olduğu kimi, tarixin yaşadığımız dönəmində də müharibə Rusiyanı dirçəldən, onu ayaqda saxlayan, təsir imkanlarını genişləndirən bir faktordur. 2008-ci ilin avqustunda yaşanan Rusiya-Gürcüstan müharibəsi əslində bir nəbz yoxlaması idi. Bu hərbi toqquşma belə Rusiyanın xeyrinə işlədi. Tərəflər bir daha əmin oldular ki, Rusiya ilə müharibə dilində danışmaq hərbi nəticənin necəliyindən asılı olmayaraq məğlubiyyətə bərabərdir.
Başqa faktorları da sadalamaq mümkündür. Amma bu sadalananlar da yetərlidir ki, regionda mövcud olan mənzərə barədə məlumatlı olasan.
Beləliklə, Avropa və ya bütövlükdə Qərb konfliktlər vasitəsilə regionu öz nəzarətində saxlamağa çalışan Rusiyanı bölgədən ağrısız çıxarmaq niyyətindədir. Təbii ki, belə vəziyyətdə konfliktlərin həllində hüquqi deyil, siyasi həll yolu əsas götürülür. Bu isə yekunda Azərbaycanın milli dövlətçilik maraqlarına vurulan zərbəyə çevrilir.
Bu gün Rusiyanın Cənubi Qafqazdakı rıçaqlarının darmadağın edilməsi Azərbaycanın da maraqlarına cavab verir. Amma əgər bu hadisə Azərbaycanın dövlət suverenliyini təhlükə altında qoyan bir ciddi prosesin təməlinin atılması hesabına baş verirsə, biz buna qarşı olmalıyıq.
Ermənistan da öz növbəsində bütün bu həqiqətlərdən xəbərdardır və Azərbaycanı ya Madrid prinsiplərinə razı salmağa vadar edən manevrlərə, ya da müharibə bəyanatları verməyə məcbur edir. Hər iki variant Azərbaycan üçün bugünkü şərtlər daxilində arzuolunmazdır.
Biz danışıqlarda yeni kurs götürməliyik. İlk növbədə mübahisəli ərazinin məhz Dağlıq Qarabağ olduğunu danışıqların predmetinə çevirməli, Dağlıq Qarabağdan kənar rayonların (Laçın istisna olmaqla) işğalda saxlanmasının Azərbaycana qarşı beynəlxalq cinayət olduğunu anlatmalıyıq. Biz işğal olunmuş rayonlara paket halında baxdığımız təqdirdə ermənilər üçün manevr imkanları tanımış oluruq. Dünyanın hər hansı konflikti məhz daha ağır cinayətlərin törədilməsi hesabına həll olunmayıb. Təbii ki, konfliktlərin bu halı heç kim üçün sirr deyil. Lakin Azərbaycan tərəfi istənilən halda danışıqları məhz qeyd etdiyimiz müstəviyə daşımağı bacarmalı və müharibə bəyanatlarını da Dağlıq Qarabağdan kənardakı 6 rayonun üzərində qurmalıdır. Çox qəti şəkildə bildirilməlidir ki, Dağlıq Qarabağ problemi nə qədər mübahisəli və həlledilməz görünürsə, Dağlıq Qarabağdan kənar rayonların azad edilməsi məsələsi bir o qədər mübahisəsiz və asan şəkildə (hərbi və yaxud sülh yolu ilə) həll oluna bilər. Elə Azərbaycan da Avropa Şurası, Avropa Birliyi ilə yaxın qonşuluq siyasəti çərçivəsində məhz münaqişənin sülh yolu ilə həll edilməsini ehtiva edən öhdəlik götürüb (o cümlədən Ermənistan da). Dağlıq Qarabağdan kənar heç bir ərazi isə mübahisə və münaqişə predmeti deyil.
2008-ci ilin avqust ayında Rusiyanın Cənubi Osetiyadan (yəni münaqişədən) kənar Gürcüstan ərazilərini işğal etməsi faktı (Poti və s.) çox qısa müddətdə Gürcüstanın xeyrinə olaraq aradan qaldırıldı. Elə bunun özü də bir presedent və yaxud da təcrübədir. Bununla yanaşı, Azərbaycan daha sülhpərvər və Qərbin də mənafeyinə uyğun gələn həll modelini təklif etməli və yuxarıda qeyd etdiyimiz mövqeyini balanslaşdırmalıdır.
Cənubi Qafqaz Birliyi (Avropa Birliyinin kiçildilmiş modeli) ideyası Azərbaycan tərəfindən aktiv şəkildə gündəmə daşınmalı və hətta danışıqlar masasına qədər inkişaf etdirilməlidir. Bu məsələdə Azərbaycanın uduşları çoxdur. Biz demoqrafik və iqtisadi imkanlarımıza görə hər iki Cənubi Qafqaz respublikasından az qala iki dəfə üstünük. O cümlədən Rusiyanı regiondan çıxarmağa nə bizim, nə də bizdən aktiv və açıq mövqe nümayiş etdirən Gürcüstanın imkanı yetərli deyil. Bu layihənin gündəmə gəlməsi həm Avropa Birliyini və həm də bütövlükdə Qərb dünyasını təkrarən Cənubi Qafqaz məsələsində toparlaya bilər.
Təbii ki, bu ideyanın tarixi əsasları olsa da (Zaqafqaziya Seymi, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası və s.), bu gün reallaşması çox çətin görünür. Ancaq pilot layihələr hesabına bu ideyanı gerçəkləşdirmək imkanı əldə etmək olar (məsələn, Cənubi Qafqaz Evinin özünün kiçik modeli hesab olunan Rustavi-İcevan-Qazax ərazisini nümunə kimi götürməklə). İctimai parlamentin yaradılması, yeni sosial əlaqələrin qurulması, gücləndirilməsi və başqa bu kimi addımlar Cənubi Qafqazdakı problemlərin həllində yeni nəfəsliyin açılmasına da gətirib çıxara bilər. Heç də iddia edilməməlidir ki, bütün bunların icrası üçün uzun zamana ehtiyac var. Diqqət yetirin, təkcə Dağlıq Qarabağ probleminin həlli üçün danışıqlar mərhələsinin özü belə 15 ildir ki, nəticəsiz şəkildə davam etdirilməkdədir”¦
Sonrakı mərhələdə Türkiyənin də sözügedən prosesdə aktiv iştirakını təmin etmək mümkündür ki, bu da nəzərdə tutulan işin daha uğurla həyata keçirilməsi üçün əlavə stimul ola bilər. Rusiya və NATO münasibətlərində ortaq mövqelərin bu layihədə daha asan tapılması imkanları var (yeri gəlmişkən qeyd edim ki, sözügedən səpgidə konkret bir layihə artıq tərəfimdən hazırlanıb və beynəlxalq fondlar həmin layihə üzərində işləməkdədir).
Beləliklə, yeni müstəvidə Azərbaycan problemin həllinə tələsən Avropa və Qərb dünyasının təzyiqlərindən qurtara, milli dövlətçilik maraqlarını qoruya, həmçinin regionda davamlı sülhün bərqərar olması üçün daha sanballı təkliflə çıxış edə bilər. Bu istiqamətdə Azərbaycan ordusunun da üzərinə yetərincə ciddi məsuliyyət düşməkdədir (Bu isə başqa bir yazının mövzusudur)”¦

Комментариев нет:

Отправить комментарий