04.07.2011

İqtidarın dialoq apardığı məchul müxalifət kimdir?

İqbal Ağazadə: “Bizimlə hansısa dialoq aparılsaydı, cəmiyyətin məlumatı olardı”

Məlum olduğu kimi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov hakimiyyətlə müxalifət arasında dialoqun aparıldığını bildirib. Sabiq deputat Pənah Hüseyn isə deyib ki, iqtidar nəzərdə tutduğu bu dialoqu yalnız deputat İqbal Ağazadə ilə aparır. Bəs millət vəkili özü adının iqtidarla dialoqda hallandırılmasına və ümumiyyətlə ortada dialoq olub-olmamasına necə baxır? “Bizim Yol”a müsahibəsində Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə sözügedən məsələyə, ümumilikdə İctimai Palata daxilində yarandığı hiss olunan fikir ayrılığı, partiyaların bir araya gələrək yeni konfiqurasiya modeli ortaya qoyması, habelə Dağlıq Qarabağla bağlı danışıqların dalana dirənməsi kimi mövzulara münasibətini belə ifadə etdi: 


- Prezident Administrasiyası rəsmisi parlamentdə müxalifətlə dialoq aparıldığını bəyan etdi. Sizinlə hakimiyyət arasında dialoq aparılırmı?


- Hesab edirəm ki, bu məsələ barəsində ciddi bir söz söyləmək doğru deyil. Çünki dialoq yoxdur. Həm də nəzərə alın ki, dialoq bağlı qapılar arxasında olmur, əksinə, dialoq açıq və şəffaf bir prosesdir. Əgər bizimlə hər hansı bir dialoq olmuş olsaydı, Azərbaycan cəmiyyətinin bundan məlumatı olardı.

- O zaman hakimiyyət parlament çapında kiminlə dialoq aparır?

- Mən bu məsələ ilə bağlı şərh vermək niyyətində deyiləm. Bu sualın ən doğru cavabını “biz dialoq aparırıq” deyənlər verə bilər.

- Ola bilərmi ki, hakimiyyət parlamentdə sizinlə deyil, özünü müxalifət adlandıran başqa partiyalarla müzakirələr aparır və dialoq deyərkən də bunu nəzərdə tutur?

- Ola bilər. Mən bunu istisna etmirəm.

- İctimai Palata daxilində baş verən son prosesləri, qarşıdurmaları necə qiymətləndirirsiniz?

- Biz İctimai Palatada təmsil olunmadığımız səbəbindən və İctimai Palata bizim maraq dairəmizdə olmadığı üçün orada baş verən prosesləri bir təşkilat daxilindəki proses kimi qiymətləndiririk. Bir təşkilatın içərisində mütəmadi olaraq belə hallar baş verir, o ki qaldı, müxtəlif partiya maraqları olan adamlarla bitərəflərin maraqları uzlaşdırılmayan bir təşkilatda. Bu həm də ictimai-siyasi həyatda elə bir önəmli yer tutmur ki, cəmiyyətdə bu istiqamətdə dartışma olsun.

- Baş verənlər həm də müxalifət düşərgəsində gedən prosesdir...

- Mən hesab etmirəm ki, bu, müxalifət daxilində baş verən prosesdir. Hesab edirəm ki, bu, müxalifətin bir qolu arasında gedən prosesdir. Bütövlükdə müxalifət daxilində baş verən proses olsaydı, daha maraqlı olardı. Amma müxalifətin bir hissəsi daxilində baş verən proses problemə daha çox oxşayır.

- Siz İctimai Palata daxilində belə fikir ayrılıqlarının olmasını, hətta günahkar axtarışı kimi yola çıxılacağını gözləyirdinizmi?

- İctimai Palatanın bu hala düşəcəyi ilə bağlı sözügedən qurumun üzvləri ilə xeyli söhbətlərimiz olub və bunu onların diqqətinə çatdırmışdıq. Qeyd etmişik ki, İctimai Palatanın taleyi ilə strategiya, taktika və yürüdülən siyasət bir-birinə adekvat deyil. Əksinə, bir qədər də tərs mütənasibdir. Bu günkü prosesin də nəticəsi ondan doğur.

- Amma, bir vaxtlar İctimai Palataya düşmək üçün qızğın müzakirələr aparırdınız...

- İctimai Palatadan bizə təkliflər olmuşdu. Hətta bu istiqamətdə imza toplama kampaniyası da aparılmışdı. Biz də təkliflərə baxıb öz mövqeyimizi ifadə etdik ki, bu şərtlər daxilində İctimai Palatada fəaliyyət göstərə bilərik. Sonradan onların bizimlə birgə olmağa həvəsləri olmadı, eyni zamanda bizim də arzu istəyimiz olmadı ki, orada təmsil olunaq.

- İctimai Palata daxilində baş verənlər müxalifətin daha geniş çapda vahid mərkəzdə birləşməsini nə dərəcədə qaçılmaz edir?

- Müxalifət yalnız hədəf və məqsədlərini müəyyən edərək, onun ətrafında birlik yarada bilər. Hədəf və məqsədlər dəqiq müəyyən olunmadıqdan sonra birlik yaratmağın heç bir mənası yoxdur. Hətta bu halda birlik yaransa da, sonra dağılacaq. Əvvəlcədən niyə və hara qədər gediləcək məsələsi müəyyənləşməlidir. Bu olmadan yaranacaq birliyi əvvəlcə iki təşkilat sonra isə digər təşkilatlar tərk edəcək. Bu, Azərbaycanın siyasi tarixində daha çox görünür. Birliklərin adları, bəzən orada təmsil olunan təşkilatlar dəyişir, amma nəticə bir olur.

- Elə bir məqsəd varmı ki, müxalifət onun ətrafında sıx birləşə bilər və bu birlikdə kimlərsə müxalifət adına hakimiyyətin ssenarisinə işləməz? 

- Bir neçə məsələlər var ki, onun ətrafında belə birlik yaratmaq olar. Demokratik seçki prinsipləri, vahid namizəd və digər məsələlər ətrafında belə birlik yaratmaq olar.

Mənbə: Bizim Yol

Комментариев нет:

Отправить комментарий